Mətbuatda dəfələrlə Xüsusi Dövlət Mühafizə Xidmətində korrupsiya faktlarını açıqlayan keçmiş zabit Asif Lətifova qarşı Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycan CM-in 228.1 (qanunsuz silah və döyüş sursatları saxlama, daşıma) və 232.2.3-cü (hədə və vəzifə mövqeyindən istifadə yolu ilə silah və döyüş sursatı tələb etmə) maddələri üzrə ittiham olunur. Lakin Lətifov bu ittihamları təkzib edir və cinayət işini saxta hesab edir. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin rəhbəri Ələkbər Məmmədov da Lətifova qarşı sözügedən maddələr üzrə ittihamları "cəfəngiyyat" adlandırıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Lətifovun təqsiri ondan ibarətdir ki, 5 mart 2011-ci ildə hava limanında növbətçi ikən "AK-762" avtomatının gülləsini tapıb və onu bilavasitə rəisi olan "Betta" dəstəsinin komandiri polkovnik Fikrət Rzayevə deyil, növbəti gün xidmətin daxili təhqiqatlar şöbəsinə təqdim edib. Bu fakt üzrə bir il sonra cinayət işi açılması isə onun açıq-aşkar sifariş xarakterli olduğunu göstərir, deyə hüquq müdafiəçisi qeyd edib. Bu zaman o, Lətifovun karyerasında analoji hadisəyə- 2004-cü ildə onun Nazirlər Kabinetinin damında tapança tapdığına və həmin vaxt iri məbləğdə pul mükafatı aldığına diqqət çəkib. Hüquq müdafiəçisi qeyd edib ki, Lətifovun cinayət məsuliyyətinə cəlb edilməsi sifarişi XDMX komandirinin müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovdan gəlir. O, yaxın qohumu olan "Betta" dəstəsinin komandiri Fikrət Rzayevi himayə edir. Məmmədovun sözlərinə görə, baş və hərbi prokurorluğun müstəntiqləri xəlvəti şəkildə Lətifova qarşı cinayət işinin onun mətbuatdakı çıxışları ilə bağlı olduğunu bəlli ediblər. Asif Lətifov yalnız hüquqlarının bərpasını tələb edir. Xüsusən, o "xidmətə uyğun olmama" ittihamı ilə işdən qovulmasına etiraz edir. Səbail rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi onun iddialarını təmin etməyib və o, Ali Məhkəməyə şikayət edib. Lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə gedəcək. Lətifov həmçinin bildirib ki, bu yaxınlarda ona Rzayevin mətbuatda çıxışlarına son qoymayacağı halda "dəlixanaya yerləşdiriləcəyi" barədə hədəsi çatdırılıb. Keçmiş zabit ötən ilin oktyabrından dəfələrlə mətbuatda mühafizə xidmətində qohumbazlıq və yerlibazlığın baş alıb getdiyi, aparıcı vəzifələrə bu xidmətin rəisi Vaqif Axundovun və onun müavini Bəylər Əyyubovun qohumlarının yerləşdirildiyi barədə bəyanatlarla çıxış edib. Hüquq müdafiəçisi XDMX rəhbərliyini və Hərbi Prokurorluğu zabitə qarşı təzyiqlərə son qoymağa və növbəti dəfə ölkəni dünya ictimaiyyətinin gözündə rüsvay etməməyə çağırıb. "Lətifovun həbsi böyük səs-küy doğuracaq və beynəlxalq səviyyədə yayılacaq, belə ki, o, növbəti siyasi məhbus olacaq", deyə Ələkbər Məmmədov qeyd edib.