İctimai Palata azad mətbuata basqılar və onların müdafiəsilə bağlı Müsavat partiyası qərargahında dinləmələr keçirib. 20 ildir ki, hakimiyyətdə olan iqtidarın bu müddət ərzində azad media orqanlarını müxtəlif üsullarla sıradan çıxardığı xatırlanıb. İqtidarın azad mətbuatın səyyar satışına problemlər yaratdığı, yeni qoyulan köşklərdə bu mətbuata aid qəzetlərin satılmasını əngəlləməsi qeyd edilib. Son bir ildə heç bir əsas olmadan "Qasid" yayım firmasının satılan qəzetlərin pullarını ödəməməsi kimi bir basqının başladığı nəzərə çatdırılıb. Dinləmələrdə çıxış edən Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli bu basqıların konkret "Azadlıq" və "Yeni müsavat" qəzetlərinə aid olduğunu deyib. Son vaxtlar isə məmur oliqarxlar bu iki qəzeti yüksək məhkəmə cərimələrilə susdurmaq istəyirlər. Əli Kərimli "Azadlıq" qəzetinin hesabına bir neçə gündür ki, həbs qoyulduğunu xatırladıb. Belə bir aqibətin "Yeni Müsavat" qəzetini gözlədiyi vurğulanıb. Qəzetlərə basqıların hakim ailəyə məxsus ofşor hesablarla bağlı informasiyalar yayıldıqdan sonra daha da artığı deyilib. Bu basqılar qanunsuzluq və cinayətləri iqtidarın xalqdan gizli saxlamaq cəhdi sayılıb. Qanunsuzluqların ifşası artdıqca qəzetlərə basqılar da artır. "Bu gün cəmiyyətin önündə "azad mətbuatı qoruyub saxlaya biləcəyikmi?" sualı durur və buna bütünlükdə millətin təpkisi lazımdır"-deyə Əli Kərimli azad mətbuatı qorumaq çağırışı edib. "Azadlıq" qəzetinin redaktoru Rahim Hacıyev qəzetin ekstremal şəraitdə fəaliyyət göstərdiyini qeyd edib. Azərbaycan iqtidarının dünya miqyasında ifşası gücləndikcə, iqtidar da bu ifşalara yer verən "Azadlıq" qəzetinə basqıları gücləndirib. Əliyevlər ailəsinin ofşor hesabları ilə bağlı yazılar qəzetdə dərc edilən günün səhəri qəzetin hesabına həbs qoyulması haqda məktub gəlib. Məhkəmə yolu ilə 62 min manat cərimə edilən qəzet 2012-ci ildən "Qasid" yayım şirkətindən pullarını ala bilmir. "Biz fədakarlıq edirik, amma fədakarlığın da bir həddi var, odur ki, indi ictimaiyyətdən dəstək gözləyirik, çünki, biz xalq maraqlarını qoruyuruq və indi də xalqdan dəstək umuruq"-deyə Rahim Hacıyev bildirib. "Yeni Müsavat" qəzetinin redaktoru Rauf Arifoğlu hazırda qəzetə qarşı 12 məhkəmə işi olduğunu, qəzeti 3 milyon manat cərimə cəzası gözlədiyini deyib. Dinləmələrdə ANS şirkətlər qrupunun qəzetə qarşı məhkəmə iddiasını geri götürdüyü açıqlanıb. Qəzetə reklam verilməsinin qarşısının siyasi müdaxilələr yolu ilə alınması qeyd olunub. Müsavat partiyasının başqanı İsa Qəmbər bu qəzetlərin qorunmasını vacib məsələ adlandırıb. Qəzetlərin müdafiəsi üçün jurnalist təşkilatlarına, maddi dəstək üçün orta və kiçik biznes sahiblərinə müraciət olunması təklif edilib. Beynəlxalq qurumlara müraciət olunması fikri önə çəkilib.