Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.
Günümüzdə bir çox insan varikozdan şikayətçidir. Xüsusilə, yaş artdıqca qadınlarda varikoz xəstəliyinə daha çox rast gəlinir. Varikoz insanda bir çox fəsadlar əmələ gətirir.
Qanaxama - cuzi travmadan venoz qanaxma başlaya bilər.
Tromb - ən qorxulu fəsad trombun damar divarından qopmasıdır.
O qopub qan dövranına düşə və hansısa vacib orqana gedən damarı tuta bilər. Buna “trombemboliya” deyilir. Daha çox ağciyər arteriyasının “trombemboliya”sı baş verir ki, bu ani olaraq xəstənin ölümünə səbəb olur. Proses o qədər sürətlə gedir ki, xəstəni xilas etmək üçün çox az vaxt olur.
Bəs, varikoz xəstəliyi necə yaranır? Varikozlu xəstələr nələrə diqqət etməlidir?
Bu barədə suallarımızı cavablandıran aşağı ətraf venalarının rəngli dopleroqrafiyası üzrə ixtisaslaşmış, ümumi cərrah-fleboloq Gülşən Əliyeva bildirib ki, hər bir varikozlu xəstə heç olmasa bir dəfə də olsa, aşağı ətraf damarlarının dopler müayinəsindən keçməlidir. Çünki varikoz zamanı meydana çıxan mənzərə əsas damarın şaxələridir.
Həkim-mütəxəssis qeyd edib ki, ayaqlarımızda gözlə görünməyən səthi və dərin damarlar var ki, onları yalnız dopler müayinəsi ilə görmək mümkündür. Bu müayinə zamanı xüsusən, dərində yerləşən vena damarlarının vəziyyəti diqqətlə incələnməli və ən əsası orada trombun olub-olmaması dəqiq təyin olunmalıdır. Belə ki, dərin venalarında tromb olan xəstələrin varikoza görə əməliyyat olunması qəti qadağandır. Əks halda, bu xəstənin müvafiq ətrafını itirməsinə qədər gətirib çıxara bilər.
Həkim-mütəxəssis Gülşən Əliyeva həmçinin, dopler müayinəsindən keçməmiş pasiyentlərdə “Skleroterapiya”, yəni incə damarların iynə ilə yeridilən xüsusi preparat vasitəsi ilə qurudulmasının icrasını məsləhət görmədiyini deyib:
“Çünki daxildəki damarlarda qapaq çatışmazlığı varsa, bu cür damarların təkrarən yaranma ehtimalı qaçınılmazdır. Bu zaman yalnız əsas səbəb aradan qaldırıldıqdan sonra estetik qüsurların bərpa olunması məqsədəuyğundur”.
Bəs varikozdan necə azad olmaq olar?
Mütəxəssis bildirir ki, günümüzdə genişlənmiş damarları normal vəziyyətə qaytaran və varikozu tamamilə, müalicə edən dərman preparatları mövcud deyil.
İstifadə olunan tablet və gellər xəstəliyin başlanğıc mərhələsində effektivdir. Həmin vasitələr prosesin olduğu stadiyada qalmasına kömək edir, eyni zamanda baş verə biləcək ağırlaşmaların qarşısını alır.
Müalicədən bəhs edən Gülşən Əliyeva “Endovenoz Lazer Ablasiya” üsulunu, xüsusən vurğulayıb:
“EVLA varikozun ən müasir müalicə metodudur. Bir çox üstünlükləri var: narkozsuz, ağrısız, heç bir kəsik aparılmadan həyata keçirilir. Lazer ablasiyadan dərhal sonra evə gedə və aktiv həyata qayıda bilərsiniz”.
Hər baxımdan cəlbedici olan varikozun lazerlə müalicəsi bütün varikozdan əziyyət çəkən xəstələrdə effektlidirmi?
Cərrah-fleboloq sualımızı belə cavablandırıb:
“Damarların genişlənmə dərəcəsi minimal olan, ağırlaşmamış hallarda lazer üsulu əvəzolunmazdır. Lakin damarları həddindən artıq genişlənmiş, təxmini 2 sm-ə yaxın və daha çox olan, həmçinin piylənmədən əziyyət çəkən pasiyentlərdə lazerlə yandırılmış damar 15-20 faiz halda yenidən açıla bilər. Bu cür xəstələrə klassik üsulla açıq əməliyyat tətbiq edirik və kiçik kəsikdən damarı tamamilə çıxarırıq”.
Varikoz xəstəliyi ilə bağlı başqa sualarınız varsa birbaşa Cərrah-fleboloq Gülşən Əliyevaya ünvanlaya bilərsiniz